5:00 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Muxtar respublikanın səhiyyə müəssisələrinə yeni təcili tibbi yardım avtomobilləri verilib.
 
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Səhiyyə sisteminin təkmilləşdirilməsi bizim üçün prioritet məsələdir. Çünki insan sağlamlığı hər bir cəmiyyət, hər bir dövlət üçün əsas məsələdir". Bu gün Naxçıvan Muxtar Respublikasında səhiyyə sisteminin təkmilləşdirilməsi və inkişafı əsas məsələlərdəndir. Xüsusilə sakinlərin hərtərəfli tibbi xidmətlə təmin edilməsi dövlət siyasətinin əsasını təşkil edir.
Dekabrın 1-də muxtar respublikanın səhiyyə müəssisələrinə 17 təcili tibbi yardım avtomobili verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək demişdir ki, aparılan ardıcıl tədbirlər tibbi xidmətin səviyyəsini xeyli yüksəltmiş və əhalinin sağlamlığının qorunması işində əsaslı dönüş yaranmışdır. Səhiyyə sisteminin maddi-texniki bazasının gücləndirilməsi və müasir standartlara uyğunlaşdırılması məqsədilə avadanlıq və texnikaların alınması işi ilbəil davam etdirilir, kadr hazırlığına xüsusi diqqət göstərilir. Yaradılan şəraitin və görülən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, pandemiyanın muxtar respublikada geniş yayılmasının qarşısı alınmışdır. Bu gün Ali Məclis Sədrinin tapşırığı ilə səhiyyə müəssisələrinə alınmış yeni təcili tibbi yardım avtomobillərinin təqdimatı da bu istiqamətdə görülən işlərin davamı, vətəndaşların sağlamlığına göstərilən qayğının əyani ifadəsidir. Niyazi Novruzov yaradılan şəraitə görə səhiyyə işçiləri adından minnətdarlıq etmişdir.
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Muxtar respublikada səhiyyə sahəsində görülmüş işlər icbari tibbi sığortanın tətbiqinə şərait yaratmış, tibbi xidmətin səviyyəsi yüksəlmiş, səhiyyə xidməti hər bir vətəndaş üçün əlçatan olmuşdur. Yaradılan şəraitin nəticəsidir ki, pandemiya ilə mübarizə tədbirləri muxtar respublikada mütəşəkkil təşkil olunmuşdur. Belə ki, həkim hazırlığı və maddi-texniki təminat gündəlik müraciət edən xəstələrin müalicəsinin hərtərəfli təşkilinə, mövsümi xəstəliklərin qarşısının alınmasına, peyvəndlərin vaxtında vurulmasına və digər səhiyyə xidmətlərinin göstərilməsinə imkan verdi. Bütün bunlar böyük nailiyyətlərdir.
Ali Məclisin Sədri demişdir: Hər bir ölkə üçün ən vacib məsələ insanların həyatının qorunmasıdır. Bu gün ölkəmizdə ən qiymətli sərvətimiz olan insanların həyatının qorunması, onların sağlam yaşayışlarının təminatı diqqətdə saxlanılır, səhiyyə inkişaf etdirilir. Bu tədbirlərin tərkib hissəsi olaraq muxtar respublikada da qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir. Artıq muxtar respublika əhalisi tibbi sığortadan yararlanır. İstər ucqar dağ kəndlərində, istərsə də şəhər mərkəzlərində səhiyyə müəssisələri üçün lazımi şəraitin yaradılması, tibbi avadanlıqların quraşdırılması, həkim hazırlığı və profilaktik tədbirlərin görülməsi muxtar respublikada mövsümi xəstəliklərin yayılmasının qarşısını almışdır.
 
 
Qeyd olunmuşdur ki, pandemiya dövründə əhaliyə evlərdə səhiyyə xidmətinin göstərilməsinə ehtiyac yaranmışdır. Məhz muxtar respublikada da virusun qarşısının alınmasının bir səbəbi də evlərdə karantin rejiminin tətbiqi və müalicənin təşkili olmuşdur. Bunun üçünsə lazımi maşınlar və avadanlıqlar lazımdır. Son 2 il ərzində muxtar respublikanın səhiyyə müəssisələrinə tələbata uyğun təcili tibbi yardım maşınları verilib. Bu gün isə növbəti avtomobillər təqdim olunur. Səhiyyə işçiləri bunlardan səmərəli istifadə etməli, xəstələrin evdə müalicəsi və xəstəxanalara vaxtında çatdırılması düzgün təşkil olunmalıdır.
Ali Məclisin Sədri muxtar respublikada pandemiya ilə mübarizədə iştirak edən bütün həkimlərə və tibb işçilərinə, baytarlıq təbabəti xidmətinin və hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkürünü bildirmiş, birgə fəaliyyətin davam etdirilməsinin əhəmiyyətini vurğulamışdır.
Sonra avtomobillərin açarları təqdim olunmuş, yeni alınmış təcili tibbi yardım avtomobillərinə baxış olmuşdur.
 
 
Məlumat verilmişdir ki, səhiyyə müəssisələri üçün alınan "Mersedes" və "Fiat Ducato" markalı təcili tibbi yardım avtomobilləri ilkin tibbi müdaxilə və reanimasiya tədbirlərinin aparılması üçün lazımi avadanlıqlarla təchiz edilmişdir. Avtomobillərin salonunda daşınan xəstənin rahatlığı və müdaxilələrin keyfiyyətlə aparılması üçün havalandırma, havaqızdırıcı, kondisioner, oksigen və işıqlandırma sistemləri quraşdırılmışdır. Təcili tibbi yardım avtomobilləri xəstələnmə və travmalarda yerində ilk tibbi yardımın göstərilməsində və ağır hallarda tibbi müdaxilə altında xəstələrin yüksək ixtisaslaşmış səhiyyə müəssisələrinə rahat daşınmasında mühüm rol oynayacaqdır. Yeni avtomobillərin Naxçıvan Şəhər Təcili Tibb Mərkəzinə, Diaqnostika-Müalicə Mərkəzinə, Naxçıvan Muxtar Respublika Xəstəxanasına, Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanasına, Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzinə, rayon mərkəzi və sahə xəstəxanalarına verilməsi nəzərdə tutulmuşdur.
Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının baş həkimi Zəbur Bağırov yaradılan şəraitə görə səhiyyə işçiləri adından minnətdarlıq etmiş, bundan sonra da əhalinin sağlamlığının keşiyində duracaqlarını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
 
 
01.12.2021













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).