14:41 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada növbəti seminar keçirilmişdir.
 
Fevralın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 52 dövlət orqanı nümayəndəsinin iştirakı ilə "Dövlət orqanlarında kargüzarlığın aparılması qaydaları" və "Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin qeydə alınması qaydaları" mövzularında keçirilmiş seminarda Komissiya sədri İsmayıl Qəriblinin geniş məruzəsi dinlənilmişdir. 
İ.Qəribli bildirmişdir ki, kargüzarlıq dedikdə, sənədlərin hazırlanması və rəsmiləşdirilməsi, onların hərəkətinin təşkili, uçotu və saxlanması sahəsində fəaliyyət başa düşülür. 
Kargüzarlıq sisteminin qurulmasının dövlət orqanlarının səmərəli fəaliyyət göstərməsinə və idarəetmə qərarlarının vaxtında qəbul edilməsinə səbəb olduğunu vurğulayan Komissiya sədri bildirmişdir ki, bugünkü seminarın məqsədi kargüzarlıq fəaliyyəti ilə bağlı müvafiq təlimatın tələblərinin bu sahə üzrə məsul olan dövlət qulluqçularının diqqətinə çatdırılmasıdır.
İsmayıl Qəribli "Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin qeydə alınması qaydaları" mövzusu barədə çıxış edərək bildirmişdir ki, "Vətəndaşların müraciətləri haqqında" Qanuna əsasən vətəndaşların yazılı və şifahi müraciətləri qeydə alınmalı və cavablandırılmalıdır. Həmçinin O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 sentyabr tarixli qərarı ilə "Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması Qaydası"nın təsdiq olunduğunu və keçirilən seminarın məqsədinin də elə bu sahədə qanunvericiliyin tətbiqi ilə bağlı seminar iştirakçılarını məlumatlandırmaqdan ibarət olduğunu diqqətə çatdırmışdır.
Sonra komissiyanın şöbə müdiri Mahir Abbasov dövlət orqanlarında kargüzarlığın aparılması işindən, o cümlədən sənədlərin hazırlanmasından, qeydiyyatından, hərəkətindən, icrasından, uçotundan və arxivə verilməsindən, sektor müdiri Türkan Gülməmmədli isə telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin qeydə alınması, dərhal və ya müraciət vərəqəsi hazırlanmaqla qanunvericilikdə müəyyən edilmiş müddətdə cavablandırılması, eyni zamanda altıaylıq və illik arayışın hazırlanması və təqdim edilməsi qaydaları barədə məlumat vermişdir.
Slaydlarla müşayiət olunan çıxışlardan sonra seminar iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılmışdır.
Qeyd etmək lazımdır ki, seminarda, həmçinin Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı da iştirak etmişdir.
 
Mətbuat xidməti
                                                                                              10/02/2017 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).