9:55 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Əcnəbilərin hüquqi vəziyyəti etibarlı müdafiə olunur.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə "18 Dekabr - Beynəlxalq Miqrant Günü"nə həsr olunmuş tədbir keçirilib.



Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elnur Məmmədov və İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının şöbə müdiri Asiman Abbasov tədbirin keçirilməsinin məqsəd və əhəmiyyəti barədə ətraflı məlumat verərək bildiriblər ki, son illər dünyada getdikcə sürətlənən və miqyasını durmadan genişləndirən qloballaşma proseslərinin əsas faktorlarından biri də məhz miqrasiya amilidir. Çağdaş dövrümüzdə elə bir ölkə yoxdur ki, orada miqrasiya prosesləri müxtəlif formalarda təzahür etməsin, miqrantlarla bağlı məsələlər bu və ya digər dərəcədə aktual olmasın. "18 Dekabr - Beynəlxalq Miqrant Günü" məhz onun üçün əlamətdardır ki, miqrantlarla bağlı müasir çağırışlara yenidən nəzər salınır, bu sahəni əhatə edən aktual məsələlər geniş müzakirə predmentinə çevrilir, o cümlədən həmin məsələlərin müsbət və mütərəqqi həlli ilə bağlı yeni strategiyaların formalaşmasına rəvac verilir.
Sonra Xidmətin baş inspektoru Tural Bayramov miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi və miqrantların hüquqi vəziyyətini ehtiva edən bir sıra mövzulara toxunub. Qeyd olunub ki, bu gün miqrasiya sahəsində dövlət siyasəti muxtar respublikanın sosial-iqtisadi maraqlarının qorunması ilə yanaşı, miqrantların, o cümlədən də əməkçi miqrantların, onların ailə üzvlərinin həyat və fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına, hüquqlarının müdafiəsinə yönəldilmişdir. Əcnəbilərin diyarımızda rahat və sərbəst hərəkət etmələri önəmli olduğu qədər, onların hüquqi vəziyyətləri ilə bağlı məlumatlı olmaları da xidmət tərəfindən diqqətdə saxlanılan prioritet sahələrdəndir.



Müvəkkil aparatının şöbə müdiri Vahidə Bayramova və aparatın əməkdaşı Aysel Nəcəfli insan hüquqlarının məhkəmədən kənar müdafiə mexanizmləri, eyni zamanda miqrantlar və insan hüquqları barəsində ətraflı məlumat veriblər. Bildirilib ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının məhkəmədən kənar əsas müdafiə mexanizmlərdən biri də Müvəkkil təsisatıdır.
Qeyd olunub ki, qloballaşma dövründə miqrasiya proseslərinin tənzimlənməsi, miqrantların hüquqlarının müdafiəsi və qorunması, onların üzləşdiyi problemlərin aradan qaldırılması sahəsində, insan hüquqlarına dair beynəlxalq sənədlərə uyğun olaraq iştirakçı dövlətlər öz ərazisində, yaxud yurisdiksiyası çərçivəsində bütün miqrantların və onların ailə üzvlərinin hüquqlarına cins, irq, dərinin rəngi, dil, din və ya əqidə, siyasi və ya başqa fikirlər, milli, etnik və ya sosial mənşə, milliyyət, yaş, əmlak, nikah vəziyyəti, anadan olma və ya digər bu kimi əsaslara görə ayrı-seçkiliyə yol verilmədən hörmət edib onların təmin edilməsini öhdəsinə götürürlər.
Daha sonra muxtar respublikada yaşayan və əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər hüquq və azadlıqlarının səmərəli və etibarlı təmin edildiyini diqqətə çatdırıb, yaradılan əlverişli şərait və geniş imkanlara görə dövlətimizə minnətdarlıq ediblər.
Sonda tədbir iştirakçılarının "Qloballaşan dünyada Miqrasiya" filminə baxışı olub, Xidmət tərəfindən hazırlanan maarifləndirici bukletlər paylanılıb.
16.12.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).